SİYASƏT
QAXDA BƏLƏDİYYƏ ÜZVLÜYÜNƏ NAMİZƏDLƏRİN İRƏLİ SÜRÜLMƏSİ DAVAM EDİR
Qax, 28 oktyabr (AZƏRTAC). 112 saylı Qax seçki dairəsində dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq işləri Mərkəzi Seçki Komissiyasının (MSK) təsdiq etdiyi “Təqvim planı”na uyğun davam etdirilir.
Dairə seçki komissiyasının sədri Abdukərim Əliyevin verdiyi məlumata görə, builki seçkilərdə dairə üzrə 20 bələdiyyəyə 182 nəfər bələdiyyə üzvü seçiləcəkdir. Oktyabrın 27-dək 299 nəfərə imza vərəqələri verilmişdir. Onlardan 57 nəfəri qadın, 60 nəfəri gənc, 158 nəfəri ali təhsillidir. İmza vərəqələri almış vətəndaşların 174-ü Yeni Azərbaycan Partiyasını, 116-nəfəri bitərəf, qalanları isə Ana Vətən, Vətəndaş Həmrəyliyi, Sosial-Rifah və digər partiyaları təmsil edirlər. Onlardan 128 nəfəri namizədliklərinin qeydə alınması üçün imza vərəqələrini artıq dairə seçki komissiyasına təqdim etmişlər.
Hazırda seçki dairəsi üzrə 54 seçki məntəqəsində seçici siyahılarının dəqiqləşdirilməsi işi aparılır. Bu proses noyabrın 5-dək davam edəcəkdir. Dəqiqləşdirilmiş son siyahılara görə dairə üzrə seçicilərin ümumi sayı 38764 nəfərdir.