SİYASƏT
Qaxda dövlət qulluqçuları günü qeyd olunmuşdur
Qax, 21 iyun (AZƏRTAC). Qax Rayon İcra Hakimiyyətində 23 iyun- dövlət qulluqçularının peşə bayramı gününə həsr olunmuş yığıncaq keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, rayonun dövlət qulluqçuları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Yığıncaqda səslənən məruzə və çıxışlarda qeyd olunmuşdur ki, müstəqil Azərbaycan Respublikasının dövlət qulluğu sisteminin formalaşması və inkişafı ulu öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Məhz ulu öndərin rəhbərliyi altında “Dövlət qulluğu haqqında” Qanun və digər normativ-hüquqi aktlar qəbul edilmişdir.
Bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, dövlətimizin başçısının müvafiq Sərəncamı ilə 2006-cı ildən etibarən hər il iyunun 23-nün respublikamızda dövlət qulluqçularının peşə bayramı günü kimi qeyd olunduğu diqqətə çatdırılmışdır.
Qeyd olunmuşdur ki, dövlət qulluğu siyasətinin əsas məqsədi ölkəmizdə səmərəli, məsuliyyətli və demokratik idarəçiliyin yaradılmasından, dövlət orqanlarının fəaliyyətində çevikliyin və şəffaflığın gücləndirilməsindən ibarətdir.
Yığıncağın sonunda dövlət orqanlarında uzun müddət səmərəli fəaliyyətinə görə bir qrup dövlət qulluqçusuna fəxri fərmanlar təqdim olunmuşdur.