REGİONLAR
Qaxda heyvandarlıq məhsulları istehsalı artmışdır
Qax, 18 yanvar (AZƏRTAC). Ötən ildə Qax rayonunda heyvandarlıq məhsulları istehsalında nəzərəçarpacaq artım qeydə alınmışdır.
AZƏRTAC xəbər verir ki, ötən il rayonda 2 min 897 ton ət, 14 min 969 ton süd, 7 milyon 724 min ədəd yumurta istehsal olunmuşdur. Əvvəlki illə müqayisədə ət istehsalı 139 ton, süd istehsalı 3 min 651 ton, yumurta istehsalı isə 110 min ədəd artmışdır. Yun istehsalı 5,6 ton artaraq 124 tona çatmışdır.
Heyvandarlıq məhsulları istehsalının dinamik artımında cins maldarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər mühüm rol oynayır. Son 3 ildə rayona “Aqrolizinq” ASC-nin vasitəsi ilə Almaniyadan respublikamıza idxal olunmuş “Holstin-friz” cinsindən olan 88 baş düyə gətirilərək lizinq yolu ilə 50 faiz güzəştli qiymətlə fermerlərə satılmışdır. Hazırda düyələrin sayı törəmələri ilə birlikdə 153 başa çatmışdır. Bu heyvanlar rayonun 13 təsərrüfatında saxlanılır. Yaxşı qulluq olunduqda, normal yemləndikdə cins düyələr gün ərzində adi düyələrdən 5-6 dəfə çox, yəni 25 litrə yaxın süd verir.