CƏMİYYƏT
Qaxda “Milli dövlətçiliyin möhkəmlənməsində azərbaycançılıq ideologiyası və mənəvi dəyərlərimiz” mövzusunda seminar təşkil edilib
Bakı, 22 iyul, AZƏRTAC
İyulun 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Qax Rayon İcra Hakimiyyəti (RİH) və YAP Qax Rayon Təşkilatının birgə təşkilatçılığı ilə “Milli dövlətçiliyin möhkəmlənməsində azərbaycançılıq ideologiyası və mənəvi dəyərlərimiz” mövzusunda seminar keçirilib.
AZƏRTAC Komitənin saytına istinadla xəbər verir ki, tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin məsləhətçisi Ruslan Əfəndiyev, Qax RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Orxan Səmədov, rayon Gənclər və İdman İdarəsinin rəis müavini Elvin Həsilov, rayon Təhsil şöbəsinin əməkdaşı Zahid Hacılı, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda müstəqil Azərbaycan dövlətinin banisi, xalqımızın ümummilli lideri Heydər Əliyevin zəngin irsinin indiki və gələcək nəsillər üçün əvəzsiz sərvət, böyük qürur və iftixar mənbəyi olduğundan bəhs edilib. O cümlədən Ulu Öndərin azərbaycançılıq ideyasının milli həmrəyliyi, təəssübkeşlikliyi, bütövlüyü təmin edən və vətənpərvərlik hissini gücləndirən məfkurə olduğu qeyd olunub. Azərbaycançılıq ideologiyasının milli dövlətçiliyimizin inkişafında mühüm rola malik olduğu vurğulanıb. Bu ideologiyanın dünya azərbaycanlılarını milli maraqlarımız ətrafında birləşdirməklə yanaşı, milli-mənəvi dəyərlərimizin qorunması və inkişafında vacib amil olduğu bildirilib.
Sonda Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən ərsəyə gətirilən “Heydər Əliyev və azərbaycançılıq” adlı sənədli film nümayiş edilib.