İDMAN
Qaxda Ulu Öndərin 90 illiyi şərəfinə təşkil olunmuş idman yarışlarının qalibləri mükafatlandırılmışlar
Qax, 8 may (AZƏRTAC). Qax şəhər stadionunda xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi şərəfinə təşkil edilmiş futbol üzrə rayon birinciliyinə yekun vurulmuşdur.
Yeni Azərbaycan Partiyası rayon təşkilatı, gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə keçirilən birincilikdə rayonun müxtəlif müəssisə və təşkilatlarını təmsil edən 9 komanda mübarizə aparmışdır.
AZƏRTAC xəbər verir ki, birinciliyin final oyununda “Meh” və “Ulu yurd” komandaları qarşılaşmışlar. Rəqiblərini 4:2 hesabı ilə məğlub edən “Meh” komandası birinciliyin qalibi olmuşdur. Üçüncü yerə rayon gənclər və idman idarəsinin komandası çıxmışdır.
Final qarşılaşması başa çatdıqdan sonra Ulu Öndərin 90 illik yubileyi münasibətilə rayonda təşkil olunmuş sərbəst güləş, stolüstü tennis, kross qaçışı, şahmat, velosiped yarışlarının, habelə yenicə başa çatmış futbol birinciliyinin qaliblərinə kubok, diplom, medal və idman geyim dəstləri təqdim olunmuşdur.