ELM VƏ TƏHSİL
Qazax rayonunda yeni məktəb binaları qapılarını şagirdlərin üzünə açmışdır
Qazax, 16 sentyabr (AZƏRTAC). Sentyabrın 16-da Qazax rayonunda yeni tikilmiş və əsaslı təmir edilmiş 5 məktəb binası qapısını müəllim və şagirdlərin üzünə açmışdır.
AZƏRTAC xəbər verir ki, həmin gün dövlət vəsaiti hesabına təmir edilmiş Kəmərli kəndindəki Xanbağı tam orta məktəbi, Daş Salahlı kənd tam orta məktəbi üçün 640 yerlik, Ürkməzli kənd tam orta məktəbi üçün inşa olunmuş 220 yerlik, Çaylı kənd 2 nömrəli tam orta məktəbi üçün tikilmiş 640 yerlik və Xanlıqlar kənd ümumi orta məktəbi üçün tikilmiş 180 yerlik məktəb binalarının açılış mərasimləri keçirilmişdir.
Bu münasibətlə təşkil olunan mərasimlərdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərov, rayon təhsil şöbəsinin müdiri Əhməd Dərgayquliyev və başqaları əlamətdar gün münasibətilə məktəblərin kollektivlərini təbrik etmiş, Azərbaycan təhsilinin inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərdiyi yüksək diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya qazaxlılar adından minnətdarlıqlarını bildirmişlər.
Sonra məktəblərin açılışını bildirən rəmzi qırmızı lent kəsilmiş, qonaqlar orada yaradılmış şəraitlə yaxından tanış olmuşlar.