SİYASƏT
QAZAXISTAN ATƏT-DƏ SƏDRLİYİ DÖVRÜNDƏ ƏSAS PRİNSİPLƏRİ ELAN ETMİŞDİR
Bakı, 15 yanvar (AZƏRTAC). Qazaxıstan Prezidenti Nursultan Nazarbayev əmindir ki, ATƏT-in fəaliyyətində dəyişikliklər edilməlidir.
Qazaxıstanın ATƏT-ə sədrliyi ilə əlaqədar açılan rəsmi saytda Prezident N.Nazarbayevin videomüraciəti yerləşdirilmişdir. O demişdir: “ATƏT-in XXI əsrdə müxtəlifliyi qəbul edən qurum kimi formalaşa bilməsi, yaxud ənənəvi Qərbin Vyanadan Şərqdə yerləşən məkandan təcrid olunmuş təşkilat kimi qalması ATƏT-in gələcəyini müəyyənləşdirən məsələdir”.
Qazaxıstan Prezidenti hesab edir ki, bu gün yeni qlobal çağırışlara uyğun olaraq beynəlxalq təşkilatların fəaliyyətinin səmərəliliyinin artırılması ön plana çıxır.
N.Nazarbayev demişdir: “Yer kürəsinin 3 qitəsində yerləşən 56 dövləti birləşdirən nadir dialoq meydanı olan ATƏT-in qarşısında məhz bu vəzifə durur”.
Prezident vurğulamışdır ki, buna baxmayaraq, ATƏT-in müsbət tarixi ehtiyatlarının da limiti vardır.
N.Nazarbayev demişdir: “Bu gün etimadı azaldan “Qırmızı xətt” adlanan təcrübənin və sıfır məbləğlə oyunların davam etdirilməsinə yol vermək olmaz”.
Qazaxıstan dövlətinin başçısı ATƏT üzrə tərfədaşlarını postsovet ölkələri ilə münasibətlərdə stereotiplərdən uzaqlaşmağa çağırmışdır. O demişdir: “Keçmiş sovet respublikaları haqqında stereotiplər ATƏT üzrə bəzi tərəfdaşlarımızın düşüncəsinə təsir göstəməkdə davam edir. Halbuki biz artıq təxminən 20 ildir ki, dünya demokratik birliyinə inteqrasiya edirik”.
N.Nazarbayev daha sonra demişdir: “Bu baxımdan, ATƏT-in üzvü olan ölkələrin bizə göstərdiyi etimadın Qazaxıstan üçün xüsusi əhəmiyyəti vardır”.
Xatırladaq ki, yanvarın 14-dən Qazaxıstan ATƏT-in sədri kimi öz prioritetlərini və gündəliyini təqdim edir.