DÜNYA
Qazaxıstan Prezidentinin Beynəlxalq Sərgilər Bürosunun baş katibi ilə görüşündə Astanada keçiriləcək EKSPO-2017 Beynəlxalq Sərgisinə hazırlıq məsələləri müzakirə olunmuşdur
Astana, 18 yanvar (AZƏRTAC). Qazaxıstan Prezidenti mətbuat xidmətinin verdiyi məlumata görə, dövlət başçısı Nursultan Nazarbayev bu ölkədə işgüzar səfərdə olan Beynəlxalq Sərgilər Bürosunun baş katibi Visente Lossertales ilə görüşmüşdür.
Danışıqlar zamanı Astanada keçiriləcək EKSPO-2017 Beynəlxalq Sərgisinin təşkili və keçirilməsi ilə əlaqədar təşkilati məsələlər ətraflı müzakirə olunmuşdur.
Qazaxıstan Prezidenti bildirmişdir ki, sərginin keçirilməsi üçün sahə ayrılmış, bu böyük tədbirin hazırlanması, təşkili və keçirilməsi ilə əlaqədar xüsusi komissiya yaradılmış, onun rəhbəri təyin olunmuşdur.
Qeyd edilmişdir ki, bu sərginin Astanada keçirilməsi ancaq Qazaxıstanın deyil, bütün regionun inkişafına təkan verəcəkdir. Deyilmişdir ki, bu il ərzində bütün təşkilati məsələlər başa çatdırılmalıdır. Görüşdə deyilmişdir ki, sərginin hazırlanması və keçirilməsi ilə əlaqədar təşkilat komitəsi və dövlət korporasiyasının yaradılması və sərginin qeydə alınması vacib işlərdəndir. Söhbətdə EKSPO-2017 Beynəlxalq Sərgisinin keçirilməsi üçün pavilyonların tikintisi ilə əlaqədar geniş fikir mübadiləsi aparılmışdır.
Dövlət başçısı demişdir ki, Beynəlxalq Sərginin pavilyonları çoxmərtəbəli yaşayış binalarının içərisində olacaq və elə salınacaq ki, sərgi başa çatdıqdan sonra bu binalar əhalinin istifadəsinə verilə bilsin.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Astana