MƏDƏNİYYƏT
Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədrisi Mərkəzinin 154 məzununa diplom verilmişdir
Qəbələ, 16 iyul (AZƏRTAC). Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədrisi Mərkəzində qurumun yaradılmasının dördüncü ildönümü və 2012-2013-cü tədris ilinin yekunlarına həsr edilmiş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə mərkəzin 4 illik fəaliyyəti müzakirə edilmiş, qarşıda duran vəzifələrdən danışılmışdır. Qeyd edilmişdir ki, zəngin mədəni-tarixi irsə və əlverişli təbii şəraitə malik olan Azərbaycan turizm sahəsində böyük inkişaf perspektivlərinə malikdir.
Tədris mərkəzinin 4 illik fəaliyyəti barədə geniş məlumat verilərkən qeyd edilmişdir ki, müəssisənin əsas məqsədi və vəzifələrindən biri turizm sektoru üçün peşəkar kadrların hazırlanmasından ibarətdir. Qeyd olunmuşdur ki, bu məqsədə yüksək səviyyədə nail olmaq üçün turizm obyektləri ilə sistemli şəkildə iş aparılır, xarici dövlətlərin təcrübəsinə yaxından maraq göstərilir. Tədris mərkəzində əldə edilən nailiyyətlər, məzunların Qəbələ və ətraf rayonlardakı otellərdə və istirahət mərkəzlərində işlə təmin edilmələri, qazandıqları uğurlar barədə məlumat verilmişdir. Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədrisi Mərkəzinin məhz turizm sektoru üçün mütəxəssislər hazırladığı və hazırlanmış kadrlara ölkədə böyük ehtiyac olduğu qeyd edilmişdir.
Çıxış edənlər ölkədə texniki peşə təhsilinə göstərilən dövlət qayğısından söhbət açaraq gənclərin bu sahəyə böyük maraq göstərdiklərini vurğulamışlar.
Tədbirin sonunda mərkəzin 154 məzununa Təhsil Nazirliyi tərəfindən diplomlar təqdim olunmuşdur.