REGİONLAR
Qəbələdə sənaye məhsulu istehsalı 6,1 faiz artıb
Qəbələ, 27 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
Ötən il Qəbələ rayonunda sənaye müəssisələri və fərdi sahibkarlar tərəfindən faktiki qiymətlərlə 111 milyon 579,2 min manatlıq məhsul istehsal olunub. Sənayedə məhsul istehsalı əvvəlki illə müqayisədə 6,1 faiz və ya 6 milyon 428,6 min manat artıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Rayon Statistika İdarəsindən məlumat verilib.
İdarənin rəisi Ayaz İsgəndərovun sözlərinə görə, Qəbələ rayonunun sənayesi əsasən, qida məhsulları və tikinti materiallarının istehsalı, elektrik enerjisi və təbii qazın bölüşdürülməsi və təchizatı, suyun təmizlənməsi və paylanması sahələrini əhatə edir.
Ötən il rayonda istehsal olunan sənaye məhsulunun 6,6 faizi və ya 7 milyon 370,6 min manatı dövlət, 93,4 faizi və ya 104 milyon 208,6 min manatı qeyri-dövlət sektorunun payına düşüb.