REGİONLAR
Qəbələnin daha bir kəndi təbii qazla təmin olunub
Qəbələ, 25 may, Şahnəzər Bəşirov, AZƏRTAC
Qəbələ rayonunun daha bir ucqar yaşayış məntəqəsinə uzun illər fasilədən sonra təbii qaz verilib.
AZƏRTAC xəbər verir ki, rayonun Həmzəli kəndinə təbii qazın verilməsi münasibətilə mayın 25-də keçirilən mərasimdə çıxış edənlər kənd sakinlərini uzun illərdən sonra təbii qazdan istifadəyə başlamaları münasibətilə təbrik edib. Ölkəmizdə reallaşan sosial layihələrdən bəhs edən natiqlər hər kənddə qazlaşdırmanın xüsusi diqqət mərkəzində saxlanıldığını, respublika üzrə qazlaşdırmanın uğurla başa çatdırılacağını bildiriblər.
Tədbirdə qeyd edilib ki, kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 30 min poqonmetr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətti çəkilib. Kənddə 473 abonent “mavi yanacaq”la təmin olunub. Bütün evlərə qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb. Məlumat verilib ki, indiyədək Qəbələ rayonunda 32 kənd qazlaşdırılıb. Hazırda rayonun Nic qəsəbəsinin qazlaşdırılması üçün işlər görülür. Bu il Qəbələnin 4 kəndinə uzun illər fasilədən sonra təbii qaz verilib.
Kənd ağsaqqalları, ziyalılar çıxışlarında əhaliyə təbii qazın verilməsinin kənddə əsl bayrama çevrildiyini bildiriblər.
Sonra təbii qazın verilməsi münasibətilə rəmzi məşəl alovlandırılıb. Mərasim iştirakçıları evlərə baş çəkib, “mavi yanacağ”ın təzyiqini yoxlayıblar.