ELM VƏ TƏHSİL
Qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış gənclər haqqında məlumatlar “Abituriyent” jurnalında dərc edilmişdir
Bakı, 6 dekabr (AZƏRTAC). Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2011/2012-ci tədris ili üçün ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış gənclər haqqında məlumatları “Abituriyent” jurnalının 11-ci nömrəsində dərc etmişdir.
TQDK-dan AZƏRTAC-a bildirmişlər ki, bu nəşrin əsas məqsədi istedadlı gənclərin ictimaiyyətə tanıdılması, onların təcrübəsinin öyrənilməsi, digər tərəfdən isə yeniyetmələrin təhsilə marağının daha da artırılmasıdır.
Jurnalda hər bir gəncin qəbul imtahanında topladığı bal, qəbul olunduğu ixtisas barədə məlumatlar verilmişdir.
Qəbul imtahanlarında 103 min 185 abituriyent iştirak etmişdir. Onlardan 1476 nəfəri yüksək nəticə göstərərək 600-dən yuxarı, o cümlədən 4 nəfər isə maksimal nəticə - 700 bal toplamışdır.
Bu il ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticə göstərən 102 gənc Prezident təqaüdünə layiq görülmüşdür.
Jurnalı TQDK-nın qarşısındakı “Abituriyent” köşkündən almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.