MƏDƏNİYYƏT
Qədim Şuşa - işğaldan 20 il keçir
Bakı, 7 may (AZƏRTAC). Mayın 7-də Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında “Qədim Şuşa - işğaldan 20 il keçir” mövzusunda tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikası Prezidentinin Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 20–ci ildönümü haqqında müvafiq Sərəncamının icrasını təmin etmək məqsədi ilə təsdiq olunmuş Tədbirlər Planının müvafiq bəndinə uyğun olaraq təşkil edilmişdir.
Tədbirdə çıxış edən kitabxananın direktoru, filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli bildirmişdir ki, azərbaycanlılar üçün Şuşa milli musiqi məbədidir. Bu diyar Azərbaycan musiqi sənətinin zirvəsi olan muğamın vətənidir. Azərbaycan klassik musiqisinin banisi Üzeyir Hacıbəyli, dahi xanəndələr Cabbar Qaryağdıoğlu, Xan Şuşinski, Seyid Şuşinski, Rəşid Behbudov, Bülbül, bəstəkar Fikrət Əmirov və bir çox başqaları bu torpağın yetirmələridir.
XIX əsrdə Şuşa Qafqazın mədəniyyət mərkəzinə çevrilmiş, ölçüsünə və sərvətinə görə regionun iri şəhərlərini arxada qoymuşdur. Keçilməz dağlar, hündür qayalıqda salınmış şəhər-qala, bütünlüklə münbit Qarabağ əyaləti dahi fransız yazıçısı, Qafqaza səyahətə çıxmış Aleksandr Dümada böyük təəssürat oyatmışdır.
Natiq bildirmişdir ki, Şuşanın ermənilər tərəfindən işğalı nəticəsində minlərlə eksponatın olduğu muzeylər talan edilmiş, yüzlərlə tarix-mədəniyyət abidələri dağıdılmış, çoxsaylı nadir əlyazma nümunələri məhv edilmiş, təhsil və səhiyyə ocaqları xarabazara çevrilmişdir.
Tədbirdə digər çıxış edənlər də tezliklə torpaqlarımızın qaytarılacağına əminliklərini bildirmişlər.
İştirakçılar tədbir çərçivəsində Mərkəzi Elmi Kitabxanada açılmış və Şuşa, onun tarixi, mədəniyyəti ilə bağlı eksponatların yer aldığı sərgi ilə tanış olmuşlar. Sərgidə 200-ə yaxın ədəbiyyat və Şuşa ilə bağlı fotoşəkillər təqdim olunmuşdur.
Sərgi 15 gün davam edəcəkdir.