REGİONLAR
Qənirə Paşayeva: Tarixi Zəfərimiz hamımızın ən böyük təsəllimiz, qürur qaynağımızdır
Bakı, 11 iyul, AZƏRTAC
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Tovuzda şəhid ailələrinin üzvləri ilə görüşüb. O, şəhid ailələrinin problemləri ilə maraqlanıb, ürək sözlərini dinləyib.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət komitəsinin sədri Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə diqqət-qayğısının hər bir Azərbaycan vətəndaşı üçün örnək olduğunu vurğulayıb. Komitə sədri Vətən üçün canından keçən oğulların əzizi xatirəsinin qəlbimizdə daim yaşayacağını bildirib.
Birinci Qarabağ müharibəsinin şəhidi İsə Musayevin həyat yoldaşı Gülsüm İbrahimova ilə görüşdə Q.Paşayeva şəhidin adının Tovuzda əbədiləşdirilməsini önəmli hadisə olduğunu deyib: “Rayonun mərkəzi küçələrindən birinə şəhidimizin adı verilib. Birinci və İkinci Qarabağ müharibəsində şəhid olan Tovuz rayon sakinlərinin fotolarının İsa Musayevin adını daşıyan küçədə vurulması şəhidlərimizi gənc nəslə tanıtmaq baxımından çox nəcib hadisədir. Qarabağ uğrunda şəhid olan övladlarımızın ruhu bu gün şaddır. Tarixi Zəfərimiz hamımızın ən böyük təsəllimiz, qürur qaynağımızdır”.
Qənirə Paşayeva 2007-ci ildə şəhidlik zirvəsinə ucalan Tovuz rayon sakini Tofiq Muradovun atası Elman Muradovla da görüşərək, ailənin problemləri ilə maraqlanıb.