DÜNYA
Qərbi Balkan ölkələrində koronavirusa yoluxma halları yenidən artır
Belqrad, 31 iyul, AZƏRTAC
Son dövrlərdə Qərbi Balkan ölkələrində COVID-19 infeksiyasına yoluxma hallarının artması səhiyyə orqanlarını hərəkətə keçirib.
AZƏRTAC xəbər verir ki, virusa yoluxma sayında ən böyük artımın yaşandığı Serbiyada hər iki testdən birinin nəticəsinin müsbət olduğu bildirilib. Serbiya Səhiyyə Nazirliyinin məlumatına görə, ötən sutka ölkədə koronavirusa 6 min yeni yoluxma faktı qeydə alınıb, 14 nəfər virusun qurbanı olub.
Turizm mövsümünün təsiri ilə epidemiya vəziyyətinin pisləşdiyi Monteneqroda koronavirusa gündəlik yoluxma hallarının sayı mini keçib. Bu səbəbdən dövlət və səhiyyə müəssisələrində, yanacaqdoldurma məntəqələrində və marketlərdə 15 gün müddətinə maskadan istifadə tələbi qoyulub.
Bosniya və Herseqovinada isə gündəlik orta hesabla 500-dən çox insan koronavirusa yoluxur, buna görə də səhiyyə müəssisələrində qoruyucu maskadan istifadə qaydası yenidən tətbiq olunub.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad