İQTİSADİYYAT
“Qərbi Çıraq” platformasında üst modulların hazırlanması yekunlaşmaq üzrədir
Bakı, 6 iyun (AZƏRTAC). “Qərbi Çıraq” platformasında üst modulların hazırlanması yekunlaşmaq üzrədir və onların gələn ay dənizdəki sahəyə yola salınması planlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bu sözləri bp şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrel XX yubiley Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgi və konfransında demişdir.
Şirkətin prezidenti qeyd etmişdir ki, biz “Qərbi Çıraq”ın “Azəri-Çıraq-Günəşli” platformasının sıralarına daxil olmasını, cari ilin sonunda isə ilk neftin hasilatını gözləyirik. Bu, əməyin təhlükəsizliyi sahəsində nümunəvi göstəricilər nümayiş etdirməklə indiyədək “Azəri-Çıraq-Günəşli”də nail olunmuş ən yaxşı nailiyyətdir və biz əminik ki, “Qərbi Çıraq” platforması bu uğuru davam etdirəcəkdir. “Qərbi Çıraq” dayaq bloku bu vaxtadək Xəzər dənizində quraşdırılmış ən ağır dayaq blokudur. Onun ümumi ağırlığı 18 min 200 tondur.
“Qərbi Çıraq” platformasında cari ilin sonunda hasilata başlanılması proqnozlaşdırılır. Bu platforma “Çıraq” və “Dərinsulu Günəşli” platformaları arasında quraşdırılacaqdır ki, bu iki qurğudan hasil edilməsi mümkün olmayan ehtiyatlar çıxarıla bilsin.