ELM VƏ TƏHSİL
“Qeyri-Qərb müasirliyi postmodern və mədəni çoxsəslilik diskursunda” kitabı nəşr olunub
Bakı, 21 sentyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutu direktorunun müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Roida Rzayevanın “Qeyri-Qərb müasirliyi postmodern və mədəni çoxsəslilik diskursunda” adlı növbəti kitabı işıq üzü görüb. Monoqrafiya dəyişən mədəni kontekst şəraitində qeyri-Qərb ölkələrində postmodernist indikatorların fəlsəfi dərkinə həsr olunub.
AZƏRTAC xəbər verir ki, kitab müəllifin bundan əvvəlki “Postmodern və multikulturalizm: elmlərarası diskurs” monoqrafiyasının ideyalarını inkişaf etdirən müstəqil tədqiqatdır. Nəşrdə ictimai şüurun transformasiyası, postmoderndə din, habitus, identiklik, bədən siyasəti, simvolik təmsillər və s. məsələlər təhlil olunub. Kitabda sosio-mədəni məzmunun müxtəlifliyi ilə şərtlənmiş postmodernin kontekstində “Qərb-qeyri-Qərb” dixotomiyası, həmçinin postsovet cəmiyyətləri işıqlandırılır.
Monoqrafiya alimlərə, postmodernizm və multikulturalizm anlayışları ilə bu və ya digər dərəcədə əlaqədar proseslərin problematikasını, “Qərb-qeyri-Qərb” paradiqmasını, qeyri-Qərb müasirliyini, ümumiyyətlə sosiomədəniyyəti tədqiq edən mütəxəssislərə və müasir fəlsəfə ilə maraqlananlara tövsiyə olunur. Kitab dərs vəsaiti kimi də istifadə edilə bilər.