SİYASƏT
QHT-LƏR PREZİDENT SEÇKİLƏRİNİN NƏTİCƏLƏRİNDƏN RAZIDIRLAR
Mərkəzi Seçki Komissiyası nəzdində Müstəqil Mətbuat Mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, prezident seçkilərini müşahidə etmiş bir qrup qeyri-hökumət təşkilatının rəhbərləri və üzvləri oktyabrın 16-da mətbuat konfransı keçirmişlər.
Dünya Gənc Türk Yazarlar Birliyinin sədri Əkbər Yolçuyev demişdir ki, “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi, Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı, Avrasiya Hüquqşünaslar Birliyi, Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyi, “20 Yanvar” Cəmiyyəti və daha bir neçə təşkilatın 4 mindən çox nümayəndəsi respublikanın əksər bölgələrində səsvermənin gedişatını izləmişlər.
Seçkilərdə informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi, beynəlxalq və yerli müşahidəçilərə, eləcə də jurnalistlərə sərbəst müşahidə aparmaq, habelə “exit-poll”un təşkili üçün yaradılmış şərait seçkilərin azad, şəffaf və demokratik keçirilməsinə müsbət təsir göstərmişdir.
Müşahidə aparılan əksər məntəqələrdə səsvermə seçicilərin yüksək fəallığı ilə keçmişdir.