SİYASƏT
QHT-LƏRİN SEÇKİLƏRİ MÜŞAHİDƏ ŞƏBƏKƏSİ PREZİDENT SEÇKİLƏRİNİN AZAD VƏ DEMOKRATİK KEÇDİYİNİ BƏYAN ETMİŞDİR
Mərkəzi Seçki Komissiyası nəzdində Müstəqil Mətbuat Mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, oktyabrın 15-də keçirilmiş prezident seçkilərinin gedişini izləmiş Qeyri-Hökumət Təşkilatlarının Seçkiləri Müşahidə Şəbəkəsi (SMŞ) müşahidənin nəticələri ilə bağlı mətbuat konfransı keçirmişdir.
Maarifçi Gənclər Təşkilatının sədri Eldar Aslanov demişdir ki, Seçkiləri Müşahidə Şəbəkəsinə daxil olan 11 QHT-nin mindən çox üzvü 2700 məntəqədə seçkilərə hazırlığın vəziyyətini və səsvermənin gedişatını izləmişdir. Onların yekdil qərarı belə olmuşdur ki, seçkilər Seçki Məcəlləsinin tələblərinə uyğun keçirilmişdir. Seçkilərə yüksək səviyyədə hazırlıq görülməsinin, seçki komissiyalarının üzvlərinin maarifləndirilməsinin səsvermə günü öz müsbət nəticəsini verdiyi xüsusi qeyd edilmişdir.
Çıxış edən digər QHT rəhbərləri məntəqələrdə seçici siyahılarının asılmasını, seçki məntəqələrində veb-kameraların quraşdırılmasını, dairə və məntəqə seçki komissiyalarının müasir texniki avadanlıqla təmin olunmasını yüksək qiymətləndirmiş, bu seçkilərin ölkənin milli maraqlarına cavab verdiyini və Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasına xidmət etdiyini bildirmişlər.