SİYASƏT
QİƏT PARLAMENT MƏCLİSİ BAŞ ASSAMBLEYASININ 32-Cİ SESSİYASI BAŞA ÇATMIŞDIR
AZƏRTAC xəbər verir ki, Kişinyovda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QİƏT) Parlament Məclisi Baş Assambleyasının 32-ci sessiyası başa çatmışdır. Sessiyanın sonuncu günündə Moldovanın prezidenti Vladimir Voronin də iştirak etmişdir.
Azərbaycanın bu təşkilatdakı nümayəndə heyətinin üzvü, Milli Məclisin sosial siyasət daimi komissiyası sədrinin müavini Musa Quliyev bildirmişdir ki, sessiyada qurumun 15 illik fəaliyyəti, ölkəmiz üçün də aktual olan qloballaşmanın sosial-siyasi aspektləri və təsiri, Dünya Ticarət Təşkilatı və QİƏT-ə üzv ölkələrdə iqtisadi inkişaf və digər məsələlər müzakirə olunmuşdur.
Azərbaycan nümayəndə heyətinin rəhbəri Asəf Hacıyev Ermənistanın işğalçılıq siyasəti nəticəsində ölkəmizə dəyən maddi və mənəvi zərərlə bağlı çıxış etmiş, Ermənistan tərəfinin səsləndirdiyi uydurma fikirlərin əsassız olduğunu faktlarla sessiya iştirakçılarının diqqətinə çatdırmışdır. Azərbaycan nümayəndə heyətinin “Dünya Ticarət Təşkilatı və üzv ölkələrdə iqtisadi inkişaf” mövzusunda məruzəsi də maraqla qarşılanmışdır.
Sessiyanın sonuncu günündə qurumun 2009-cu il üçün büdcəsi təsdiqlənmiş, təşkilati məsələlərə baxılmış, yeni sədr və baş katibin müavinləri seçilmişdir. Assambleyanın növbəti 33-cü sessiyasının gələn ilin iyununda Rumıniyada keçirilməsi qərara alınmışdır. Bununla da assambleyaya sədrlik Rumıniya Parlamentinə keçmişdir.
Sessiyanın sonunda müzakirə olunan məsələlərlə əlaqədar tövsiyələr qəbul olunmuşdur. Bu tövsiyələr üzv ölkələrin parlamentlərinə və əlaqədar qurumlara göndəriləcəkdir.