DÜNYA
Qırğızıstan Prezidenti koalisiya hökumətinin yaradılmasını Sosial-Demokrat Partiyasının parlament fraksiyasına həvalə etmişdir
Bişkek, 23 mart (AZƏRTAC). Qırğızıstan Prezidenti Almazbek Atambayevin Fərmanı ilə ölkədə yeni koalisiya hökumətinin yaradılması Sosial-Demokrat Partiyasının (SDP) parlament fraksiyasına həvalə edilmişdir.
Xatırladırıq ki, bir neçə gün əvvəl Qırğızıstan parlamentindəki koalisiya çoxluğunun statusunun itirilməsi nəticəsində hökumət istefaya getmişdir.
Fərmanda Sosial-Demokrat Partiyasına aprelin 11-dək parlamentdə koalisiya çoxluğunun formalaşdırılması tapşırılır. Bildirilir ki, aprelin 11-dək Qırğızıstan parlamenti - Joqorku Keneşdə Baş nazirin namizədliyi irəli sürülməli, hökumətin strukturu, tərkibi və proqramı baxılmalı və təsdiq olunmalıdır. Bütün prosedurlar Qırğızıstan Konstitusiyasına uyğun olaraq həyata keçirilməlidir.
Almazbek Atambayev SDP-nin parlamentdəki nümayəndələri ilə də görüşmüş, fraksiyanın lideri Çınıbay Tursunbekova yeni parlament fraksiyasının formalaşdırılması ilə əlaqədar mandat vermişdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek