SİYASƏT
QIRĞIZISTANDA MDB VERGİ (MALİYYƏ) ORQANLARI RƏHBƏRLƏRİ ƏLAQƏLƏNDİRMƏ ŞURASININ 11-Cİ İCLASI OLMUŞDUR
Çolpon-Ata, 11 sentyabr (AZƏRTAC). İssık-Kul gölünün sahilindəki Çolpon-Ata şəhərində Müstəqil Dövlətlər Birliyi (MDB) vergi (maliyyə) orqanları rəhbərləri Əlaqələndirmə Şurasının 11-ci iclası keçirilmişdir.
Azərbaycan Vergilər Nazirliyi vergi cinayətlərinin ilkin təhqiqatı departamenti rəisinin müavini Mahir Hümbətovun da qatıldığı iclasda Rusiya, Qazaxıstan, Qırğızıstan, Moldova, Belarus, Tacikistan, Ermənistan, müşahidəçi qismində isə Ukrayna, Latviya və Estoniya, həmçinin MDB İcraiyyə Komitəsinin nümayəndələri iştirak etmişlər.
İki gün ərzində iclasda MDB dövlətlərinin iqtisadi təhlükəsizliyinin təmin edilməsi, birlik dövlətləri vergi (maliyyə) orqanları arasında əlaqələrin dərinləşdirilməsi, cari ildə və yaxın gələcəkdə əsas fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi məsələləri müzakirə olunmuşdur.
Tərəflər qlobal maliyyə böhranı ilə mübarizə çərçivəsində korrupsiya və mütəşəkkil cinayətkarlığın qarşısının alınması sahəsində MDB dövlətlərinin maliyyə-kredit sistemlərinin təhlükəsizliyinin təmin olunması yollarını da müzakirə etmişlər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Çolpon-Ata