SİYASƏT
Qırmızı Qəsəbədə Holokost və 20 Yanvar qurbanlarının xatirəsi yad edilmişdir
Bakı, 29 yanvar (AZƏRTAC). Yanvarın 27-də Quba rayonundakı Qırmızı Qəsəbənin məktəbində İkinci Dünya müharibəsi illərində nasistlər və onların əlaltıları tərəfindən məhv edilmiş 6 milyon yəhudinin xatirəsi yad edilmişdir.
AZƏRTAC Yəhudi Xəbərlər Agentliyinə (YXA) istinadla xəbər verir ki, həmin gün Qırmızı Qəsəbə məktəbində dərslərin başlanmasından əvvəl bu tədris müəssisəsinin müdiriyyəti, müəllimlər və şagirdlər məktəbin foyesində toplaşmışlar. Məktəbin direktoru Yauşva Semanduyev mərasim iştirakçılarına xatırlatmışdır ki, 1939-1945-ci illərdə Avropada baş verən faciəli hadisələr zamanı alman faşistlərinin və onların Avropadakı əlaltılarının əli ilə 6 milyondan çox yəhudi - qocalar və uşaqlar, kişilər və qadınlar həlak olmuşdur.
“Biz Şoa qurbanlarını və qəhrəmanlarını heç vaxt unutmayacağıq. Onların xatirəsi hər bir yəhudinin qəlbində əbədi yaşayacaqdır”, - deyən Y.Semanduyev bildirmişdir ki, 2005-ci ildə Birləşmiş Millətlər Təşkilatı yanvarın 27-ni Beynəlxalq Holokost Qurbanlarının Xatirəsi Günü elan etmişdir.
Yəhudilər yaşayan Qırmızı Qəsəbənin məktəb direktoru Yauşva Semanduyev Yəhudi Xəbərlər Agentliyinə müsahibəsində demişdir: “Məktəbin bütün kollektivi Şoa qurbanlarının və qəhrəmanların nurlu xatirəsini bir dəqiqəlik sükutla yad etmişdir. Şagirdləri Beynəlxalq Holokost Qurbanlarının Xatirəsi Günü münasibətilə Şoa haqqında, həmçinin 1990-cı ilin yanvar ayında Azərbaycanda baş vermiş faciəli hadisələr haqqında bir neçə stend hazırlamışlar. 1939-1945-ci illər və 1990-cı il hadisələri bu gün faciələrin bir daha təkrarlanmasına yol verməmək üçün bütün bəşəriyyətə ünvanlanmış çağırışdır.
Bu da dərin rəmzi məna daşıyır ki, məktəbimizin şagirdləri tərəfindən hazırlanmış stendlərdə həm yəhudi, həm də Azərbaycan xalqının üzləşdiyi faciələrdən bəhs edilir. Əminəm ki, Şoa və Qara Yanvar faciələri həmişə bizim yetirmələrimizin qəlblərində əks-səda doğuracaqdır”.