İQTİSADİYYAT
Qocaman neftçinin 85 illiyi qeyd edilmişdir
Bakı, 17 iyul (AZƏRTAC). “Ekol” Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) təşkilatçılığı ilə QSC-nin baş direktorunun müşaviri, Əməkdar Mühəndis Kamil Akimovun 85 illik yubileyinə həsr edilmiş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, QSC-nin baş direktoru Ramil Əliyev yubilyarı çoxminli kollektiv adından təbrik etmiş, onun həyat və fəaliyyətindən söhbət açmışdır.
Bildirilmişdir ki, ömrün kəşməkəşli yollarında əzmlə çətinliklərə sinə gərmiş K. Akimov öz nümunəvi əməyi sayəsində sənətinin ən yüksək pilləsinə gəlib çatmışdır.
O, 1927-ci ildə Sabirabad şəhərində anadan olmuşdur, Azərbaycan Sənaye İnstitutunun kimya-texnologiya fakültəsini bitirmişdir. Əvvəlcə Bakı Neft Emalı Zavodunda fəhləlikdən həmin zavodun direktoru, neft emalı sənayesi nazirinin birinci müavini və 1970–1980-ci illərdə nazir vəzifələrində işləmişdir. “Oktyabr İnqilabı”, “Qırmızı Əmək Bayrağı”, “Şərəf Nişanı” ordenləri ilə təltif edilmiş, “Əməkdar Mühəndis”, SSRİ-nin və Azərbaycanın “Fəxri neft emalçısı” adlarına layiq görülmüşdür.
Moskvadakı Azərbaycan diasporunun nümayəndəsi, “Ulu körpü” jurnalının baş redaktoru Şükufə İsmayılzadə bu fədakar insanın indi də yorulmadan çalışdığını, öz sənətini yetişməkdə olan gənc nəslə öyrətməkdən zövq aldığını söyləmişdir.
Sonda Kamil Akimov tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.