İDMAN
Qrossmeyster Vüqar Rəsulov Türkiyədə keçirilən beynəlxalq turnirin gümüş mükafatçısı olmuşdur
Bakı, 20 iyun (AZƏRTAC). Türkiyənin Egey dənizi sahillərindəki Çeşmə şəhərində şahmat üzrə beynəlxalq open-turnir başa çatmışdır.
AZƏRTAC xəbər verir ki, turnirdə 9 ölkəni təmsil edən 55 şahmatçı, o cümlədən 9 qrossmeyster iştirak edirdi.
“A” turnirində latviyalı qrossmeyster İqor Kovalenko 9 mümkün xaldan 7,5 xal toplayaraq yarışın qalibi olmuşdur. Azərbaycanlı qrossmeyster Vüqar Rəsulov və daha beş şahmatçı - Mustafa Yılmaz, Kərəm Efe Uzunoğlu, Mərt Yılmazərli (hamısı Türkiyədən), Konstantin Şanava və Davit Maqalaşvili (hər ikisi Gürcüstandan) qalibdən bir xal az toplamışlar. Əlavə göstəricilər nəzərə alınmaqla, Azərbaycan nümayəndəsi turnirin gümüş medalçısı olmuşdur.
Bu turnirdə daha altı Azərbaycan şahmatçısı iştirak edirdi: Kamal Ağasiyev, Misrəddin İsgəndərov, Orxan Abdulov, Nərmin Kazımova, Zaur Məmmədov və Kənan Hacıyev.
Beynəlxalq turnir doqquz turdan ibarət olmaqla İsveçrə sistemi üzrə təşkil edilmişdi.