İQTİSADİYYAT
Quba rayonunun kəndlərinin qazlaşdırılması davam etdirilir
Bakı, 26 may (AZƏRTAC). Quba rayonunun Çartəpə, Aşağı Xuc, Orta Xuc, Aşağı Atuc, Susay qışlaq kəndlərinə ilk dəfə olaraq təbii qazın verilişi münasibətilə tədbirlər keçirilmişdir. Tədbirlərdə Quba Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azəriqaz” İstehsalat Birliyinin (İB) nümayəndələri və yerli əhali iştirak etmişdir.
İB-in ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, 179 abonenti olan Çartəpə kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında müxtəlif diametrli polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 179 sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.
Həmçinin Aşağı Xuc (217 abonent), Orta Xuc (49 abonent), Aşağı Atuc (370 abonent) və Susay qışlaq (140 abonent) kəndlərinə də müxtəlif diametrli polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilərək, abonentlərin mənzillərinə sayğac və fərdi tənzimləyicilər quraşdırılmışdır.
Tədbirlərdə çıxış edənlər onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.