REGİONLAR
Qubada 12 min hektardan çox sahədə payızlıq taxıl əkiləcək
Quba, 8 noyabr, Elxan Yusifli, AZƏRTAC
Quba rayonunda 12 min 250 hektar sahədə payızlıq taxıl əkiləcək.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, artıq 4 min 200 hektar sahədə səpin işi başa çatdırılıb. Qubalı təsərrüfatçılar əsasən buğdanın “Qobustan”, “Bezos”, “Günel”, “Əzəmətli-95”, arpanın isə “Qarabağ 22” və “Cəlilabad” sortlarına üstünlük verirlər. Bu növlər rayonun iqlim şəraitinə uyğundur və məhsuldarlığı ilə fərqlənir.
Taxılçılar bütün qüvvələrini kampaniyanın müvəffəqiyyətlə başa çatmasına səfərbər ediblər. Taxıl əkiləcək sahələrdə keyfiyyətli şum aparılıb, gübrə verilib. Eyni zamanda, əkinçilər yüksək reproduksiyalı rayonlaşdırılmış toxum sortları və səpin aqreqatları ilə təmin olunurlar.
Təsərrüfatçı Firuz Hüseynov bildirib ki, yüksək məhsuldarlıq əldə etmək üçün yeni texnologiyalara əməl olunmalıdır. “Kənd Təsərrüfatı Nazirliyi biz fermerlərə hər cür dəstək göstərir, yeni texnikalarla, minerallarla təmin edir. Müraciətlərə operativ reaksiya verilir. Müasir texnologiya və metodlardan istifadə etsək ölkəmizdə taxıla olan tələbatı yerli istehsalın hesabına ödəyə bilərik”, - deyə F.Hüseynov vurğulayıb.
Ötən mövsüm Xaçmaz rayonu üzrə 32 min 800 ton taxıl əldə edilib.