MƏDƏNİYYƏT
Qubada Abbasqulu Ağa Bakıxanovun 220 illiyinə həsr edilmiş elmi konfrans keçirilmişdir
Bakı, 6 iyun (AZƏRTAC). İyunun 6-da Quba şəhərində Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Tarix İnstitutunun genişləndirilmiş elmi şurası və “Abbasqulu Ağa Bakıxanov 220” mövzusunda respublika elmi konfransı keçirilmişdir.
Tarix İnstitutundan AZƏRTAC-a bildirmişlər ki, əvvəlcə qonaqlar Abbasqulu Ağa Bakıxanovun Amsar kəndində yerləşən ev- muzeyini ziyarət etmişlər.
Quba şəhərindəki Gənclər Mərkəzinin akt zalında öz işinə başlayan konfransda giriş sözü ilə çıxış edən Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov ulu öndər Heydər Əliyevin Abbasqulu Ağa Bakıxanovun yaşadığı dövrün, Azərbaycanın XIX-XX əsrlər tarixinin daha dərindən araşdırılmasına və tədqiqinə xüsusi diqqət yetirdiyini, rəhbərlik etdiyi institutda elmi tədqiqatların Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına əsasən aparıldığını, bu elmi konfransın da məhz dövlətimizin başçısının tarix elminə göstərdiyi diqqət və qayğının nəticəsi olduğunu bildirmişdir.
Yaqub Mahmudov Abbasqulu Ağa Bakıxanovun tarix elminə və ictimai həyata, Azərbaycan maarifçiliyinə verdiyi töhfələrin, xüsusilə gənclər arasında yaydığı maarifçilik ideyalarının əhəmiyyətini vurğulamışdır.
Konfransda tarix üzrə fəlsəfə doktorları Hacı Həsənov, Elçin Qarayev, Şamil Rəhmanzadə, Nərminə Əmirbəyova, tarix elmlər doktorları, professorlar Tofiq Mustafazadə, Şahin Fərzəliyev, Kərim Şükürov, Camal Mustafayev və başqaları Abbasqulu Ağa Bakıxanovun həyatı və fəaliyyəti, onun tarix elminin inkişafında rolu haqqında maraqlı məruzələrlə çıxış etmişlər.
Konfransın gedişində Abbasqulu Ağa Bakıxanov ilə bağlı təqdimat-slayd nümayiş etdirilmişdir.
Tədbirdə Azərbaycanın tarixçi alimləri ilə yanaşı, Quba rayonunun ziyalıları, tarix müəllimləri də iştirak etmişlər.
Konfrans çərçivəsində Abbasqulu Ağa Bakıxanovun həyat və yaradıcılığından bəhs edən kitabların sərgisi keçirilmişdir.
Sonda sərgidə nümayiş olunan kitablar Quba Rayon İcra Hakimiyyətinə hədiyyə edilmişdir