Qubada sürüşmə baş verən ərazidən REPORTAJ
Quba, 16 iyun, AZƏRTAC
Quba rayonunda baş verən torpaq sürüşməsi nəticəsində Tüləkəran İnzibati Ərazi Dairəsinin (İƏD) əhatə etdiyi 6 kəndlə nəqliyyat əlaqəsi kəsilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, torpaq sürüşməsi iyunun 15-i səhər saatlarında Quba-Tüləkəran yolunun 4-cü kilometrliyində qeydə alınıb.
Sürüşmə nəticəsində yolun hərəkət hissəsi təxminən yüz metr məsafədə tamamilə dağılıb. Avtomobil yolunda 10-15 metr hündürlüyündə uçurum yaranıb. Bununla yanaşı, sürüşmə ərazisində torpaq layları dirəkləri də aşırdığından kəndlərə elektrik enerjisinin verilməsində məhdudiyyət yaranıb.
Sürüşmə prosesi hazırda davam edir. Yolu bağlanan Gültəpə, Möhüc, Tülər, Yenikənd, Yuxarı Tüləkəran və Aşağı Tüləkəran kəndlərində, ümumilikdə, 6 minə yaxın sakin yaşayır.
Quba Rayon İcra Hakimiyyətinin Tüləkəran İƏD üzrə nümayəndəsi Elxan Məmmədhüseynov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, hadisə ilə bağlı müvafiq dövlət qurumları məlumatlandırılıb. “Hazırda kəndlərlə əlaqənin bərpa olunması üçün çay kənarı ilə alternativ yolun çəkilməsinə başlanılıb. Qısa müddətdə elektrik enerjisi ilə təminat da bərpa olunacaq. Sürüşmə prosesi aktivdir. Bu cür sürüşmə əraziləri yol boyu bir neçə ərazidə mövcuddur”, - deyə o əlavə edib.