REGİONLAR
Qubalı könüllülər pandemiyaya qarşı mübarizə tədbirlərində fəal iştirak edirlər





Quba, 20 may, Elxan Yusifli, AZƏRTAC
Qubada könüllülər tərəfindən sakinlərə pulsuz antiseptik vasitələr və qoruyucu tibbi maskalar paylanılır, əhalinin sıx toplaşdığı ərazilərdə maarifləndirmə işləri aparılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə, xüsusi karantin rejiminin tələblərinə əməl olunması və bu dövrdə aztəminatlı vətəndaşlara kömək göstərilməsi istiqamətində könüllülər yaxından iştirak edirlər. Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük!” çağırışına qoşulan könüllü gənclər minlərlə aztəminatlı ailələrin, şəhid ailələrinin, fiziki məhdudiyyəti olan şəxslərin evlərinə baş çəkib, onlara müvafiq qurumların, xeyriyyəçilərin xətti ilə yardımlar göstəriblər.
Mərkəzi Qan Bankının Quba bölməsində keçirilən “Könüllü donor” aksiyası çərçivəsində rayon ictimaiyyətinin nümayəndələri və könüllülər fəal iştirak ediblər.
Bəşir Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzinin nəzdində yaradılmış “Könüllülər” teatrı tərəfindən karantin dövründə onlayn tamaşalara hazırlıqlar aparılıb. Mədəniyyət Nazirliyi tərəfindən pandemiya dövründə elan olunan “Evdə qal, evdə yarat”, “Evdə qal, mütaliədən qalma”, “Evdə qal, kitab oxu”, “Evdə qal, şeir oxu, pozitiv ol” və sair layihələri çərçivəsində Quba Rayon Mərkəzləşmiş Kitabxana Sisteminin könüllüləri tərəfindən sosial şəbəkələrdə oxucular, həmin layihələrdə fəal iştirak etməyə dəvət olunub.