İDMAN
Qurban Qurbanov: “Qarabağ”ın mərhələni keçməsi üçün əlimizdən gələni edəcəyik
Bakı, 22 avqust (AZƏRTAC). Mətbuatı izləyirəm. Başa düşürəm ki, bu oyun bütün ölkəmiz üçün necə vacibdir. Bu, bizə əlavə güc verir.
AZƏRTAC xəbər verir ki, bu sözləri UEFA Avropa Liqası yarışlarının pley-off mərhələsi çərçivəsində Almaniyanın “Ayntraxt” komandası ilə qarşılaşacaq Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında demişdir.
Bildirmişdir ki, rəqibimiz çox güclüdür. Amma buna baxmayaraq, biz oyuna yaxşı hazırlaşmışıq. Sonadək mübarizə aparacağıq. Nəyə qadir olduğumuzu göstərməyə çalışacağıq. Rəqibdən çəkinmirik.
“Ayntraxt”ın ötən mövsüm iki taktika ilə oynadığını diqqətə çatdıran Q.Qurbanov, rəqibin “Bayern” və “Hertha” ilə bu mövsüm keçirilən oyunlarda isə fərqli taktikadan yararlandığını demişdir. Biz hər şeyə hazır olmalıyıq. Rəqib komandanın ucaboylu futbolçuları vardır. Bu baxımdan da diqqətli olmaq lazımdır. Həm də çox sürətli hücumlar qururlar. Yüksək səviyyəli hücumçulara malikdirlər. Təkcə Aleksandr Meyerin rəqibin heyətində oynaması çox şey deyir.
“Qarabağ”ın baş məşqçisi demişdir: “Mərhələ keçmək üçün əlimizdən gələni edəcəyik. Hər halda bizim daha böyük uğurlara layiq azarkeşlərimiz vardır. Buna görə uğur qazanmağı çox istəyirik”.
“Qarabağ” - “Ayntraxt” oyunu avqustun 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcəkdir. Cavab matçı isə bir həftə sonra Frankfurtda oynanılacaqdır.