İDMAN
Qus Hiddink bu mövsümün sonunda məşqçi karyerasını bitirməyi planlaşdırır
Bakı, 28 noyabr (AZƏRTAC). Mahaçqalanın “Anji” komandasının baş məşqçisi hollandiyalı Qus Hiddink bu mövsümün sonunda məşqçi karyerasını bitirməyi planlaşdırır. AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, Huddinkin sözlərinə görə, hətta onun yetirmələri UEFA-nın Çempionlar Liqasına vəsiqə qazansalar belə, o, fikrindən dönməyəcəkdir.
Hiddink Hollandiyada çıxan “De telegraaf” nəşrinə verdiyi müsahibədə demişdir: “Mən bu mövsümün sonunda, hətta “Anji” Çempionlar Liqasına keçəcəyi təqdirdə də, məşqçilik fəaliyyətimi bitirməyi planlaşdırıram. 66 yaşım var, buna görə də deyə bilərəm ki, mənimki kifayətdir”.
Keçən mövsümdə “Anji” komandası Hiddinkin rəhbərliyi altında Rusiya çempionatında beşinci yeri tutmuşdur. Builki birincilikdə isə 17 turdan sonra Mahaçqala futbolçuları hələlik ikinci yerdədirlər.
Məşqçi daha sonra demişdir: “Gələcəkdə nə edəcəyimi bilmirəm. Ola bilsin ki, məsləhətçi olum, yaxud gənc futbolçularla işləyim. Amma bütün bunları artıq peşəkar səviyyədə etməyəcəyəm.
Xatırladaq ki, Hiddink öz komandaları ilə birlikdə altı dəfə Hollandiya çempionatının qalibi olmuş, bir dəfə Avropa Çempionları Kubokuna, bir dəfə qitələrarası kuboka, bir dəfə İngiltərə kubokuna, 4 dəfə Hollandiya kubokuna sahib olmuşdur. O, Cənubi Koreya və Hollandiya yığmaları ilə işləyərkən bu komandalar dünya çempionatlarında dördüncü yeri, Rusiya yığması isə 2008-ci il Avropa çempionatında üçüncü yeri tutmuşdur.