İDMAN
Qusarda buzadırmanma üzrə açıq Azərbaycan çempionatının təsnifat mərhələsi başlamışdır
Qusar, 18 yanvar (AZƏRTAC). Yanvarın 18-də Qusar rayonunun Ləzə kəndi yaxınlığındakı donmuş şəlalələrdə Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə buzadırmanma üzrə açıq Azərbaycan çempionatının təsnifat mərhələsi başlamışdır.
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının vitse-prezidenti Sarvan Rəsulov AZƏRTAC-a bildirmişdir ki, iki mərhələdən ibarət çempionatın I mərhələsi yanvarın 18-19-da (təsnifat-seçim yarışları), II mərhələsi yanvarın 26-27-də (çətinlik və sürət üzrə yarışlar) keçiriləcəkdir. Çempionata Rusiya, Türkiyə, Gürcüstan və İran idmançıları ilə birlikdə, ümumilikdə, 150-yə yaxın idmançının qatılacağı gözlənilir.
Federasiya nümayəndəsi, həmçinin qeyd etmişdir ki, yerli idmançıların çempionatda yüksək yerlər tutacağına ümidlər böyükdür. Keçirilmiş mütəmadi məşqlər və beynəlxalq yarışlarda qazanılan təcrübə hesabına güclənən idmançılarımızın hazırlıq səviyyəsi bunu deməyə əsas verir.
Beynəlxalq federasiyaların tələbləri və şərtlərinə uyğun olaraq təşkil olunan yarışda FAİREX-in nəzdində fəaliyyət göstərən, respublikanın müxtəlif bölgələrindən olan klubların (Bakıdan “Ekosport”, “A+A”, “Climb-club”, “Rock stone”, “Meteor”, “Bakı Dövlət Universiteti”, “Qərb Universiteti idman klubu”, Azərbaycan Turizm İnstitutunun “AMEAST”, Bədən Tərbiyəsi və İdman Akademiyasının “Gənclik”, “Xəzər Universiteti idman klubu”, “İqtisad Universiteti idman klubu”, Qobustandan “Tanrıdağ”, Qusardan “Salavat”, “Qusar” və “Zirvə”, İsmayıllıdan “Babadağ”, Zaqataladan “Mountain bee”, Qaxdan “Extremal”, Yardımlıdan “Kəmərqaya” və s.) idmançıları iştirak edirlər.