İQTİSADİYYAT
Qusarın Urva kəndində torpaq sürüşməsi nəticəsində ziyan çəkmiş sakinlər tezliklə yeni evlərinə köçəcəklər
Qusar, 17 iyun (AZƏRTAC). Qusarın Urva kəndində 2009-cu ilin martında baş vermiş torpaq sürüşməsi nəticəsində evləri yararsız hala düşmüş sakinlər üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən tikilən yeni evlərdə tamamlanma işləri aparılır.
AZƏRTAC xəbər verir ki, kənddə 3, 4 və 5 otaqdan ibarət, ümumilikdə 15 ev inşa olunmuşdur.
Hazırda evlərin rənglənməsi və otaqlarda kommunal xətlərin qurulması işləri həyata keçirilir.
Qusar Rayon İcra Hakimiyyətinin Urva inzibati ərazi dairəsi üzrə nümayəndəsi Süliddin İsgəndərov tikinti işlərinin iyunun sonunda başa çatdırılacağını bildirmişdir.
Bundan sonra sakinlər yeni tikilmiş evlərə köçürüləcəkdir.
Evləri təbii fəlakətdən ziyan çəkmiş sakinlər üçün 12 sot həyətyanı torpaq sahəsi də ayrılmışdır.
2012-ci ilin iyul ayından başlanılmış tikinti işlərinə elə kənd sakinlərindən ibarət işçi qrupu cəlb olunmuşdur.