İQTİSADİYYAT
R.Abdullayev: “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda dib qaz ehtiyatlarının hasilatına 2019-cu ildən başlamaq mümkün olacaqdır
Bakı, 6 iyun (AZƏRTAC). Hesablamalara görə, “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun dərin laylarında 300 milyard kubmetr həcmində çıxarıla bilən qaz ehtiyatları vardır. Düşünürük ki, qaz ehtiyatlarının hasilatına 2019-cu ildən başlamaq mümkün olacaqdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Bakıda keçirilən XX yubiley Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası konfransındakı çıxışında demişdir.
R.Abdullayev bildirmişdir ki, hazırda “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun dərinlikdə yerləşən qaz ehtiyatlarının işlənilməsi layihəsi üzrə müqavilə üzərində iş yekunlaşmaqdadır.
bp şirkəti ilə “Şəfəq-Asiman” perspektiv strukturunda da seysmoloji kəşfiyyat işlərinin aparıldığını diqqətə çatdıran ARDNŞ prezidenti vurğulamışdır ki, Almaniyanın “RWE” şirkəti ilə “Naxçıvan” strukturu üzrə hasilatın pay bölgüsü sazişinə dair danışıqlar davam etdirilir. Proqnozlara əsasən, “Şəfəq-Asiman” perspektiv strukturunda 500 milyard kubmetr qaz, 65 milyon ton kondensat, “Naxçıvan” strukturunda isə 300 milyard kubmetr qaz, 40 milyon ton kodensat ehtiyatları vardır. Bu ilin aprelində ARDNŞ və “Statoil” şirkəti arasında “Zəfər-Məşəl” perspektiv strukturunun işlənilməsinə dair Anlaşma Memorandumu imzalanmışdır. Memoranduma uyğun olaraq tərəflər 12 ay ərzində danışıqlar aparmalı və gələcək sazişin kommersiya parametrlərini müəyyən etməlidirlər. İlkin hesablamalara görə, həmin blokun ehtiyatları 300 milyard kubmetr qaz, 40 milyon ton kondensat həcmindədir.
Bütün bu planların reallaşdırılması üçün qazma işlərinin intensivliyi artırılmalıdır. Bu mənada son nəsil yeni üzən qazma qurğularına böyük tələbat duyulur. Xəzər akvatoriyasında neft-qaz əməliyyatlarının genişləndirilməsi məqsədilə dənizin 1000 metrədək dərinliklərində 8-10 min metr qazma gücünə malik 4 belə qurğunun tikilməsinə tələbat vardır. Bu, böyük investisiya tutumlu layihədir və ölkə iqtisadiyyatının inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Artıq qazma qurğularının tikintisi istiqamətində ilk addımlar atılmışdır.