ELM VƏ TƏHSİL
Radiasiya Problemləri İnstitutunda gənc doktorantlar arasında müsabiqə keçiriləcək
Bakı, 19 sentyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda doktorantlar arasında AMEA-nın 70 illiyinə həsr olunan “Ən yaxşı elmi-tədqiqat işi” mövzusunda müsabiqə keçiriləcək. Müsabiqəsinin təşkilatı işləri İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının növbəti iclasında müzakirə olunub.
Gənc Alim və Mütəxəssislər Şurasından AZƏRTAC-a bildiriblər ki, iclasda müsabiqənin sentyabr-oktyabr aylarında keçirilməsi qərara alınıb.
Sonra institut direktorunun elmi işlər üzrə müavini Rəvan Mehdiyeva bu elm müəssisəsində çalışan gənc alim və mütəxəssislər üçün yaradılan şəraitdən söz açıb, gənclərlə bağlı gələcək planlar barədə məlumat verib.
AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Famin Salmanov gündəlikdəki məsələləri diqqətə çatdırıb. İnstitutun strukturunda edilən dəyişikliklərlə əlaqədar şuranın tərkibinə yenidən baxılması məsələsinin vacibliyini vurğulayıb.
İclasda bir sıra elmi-təşkilati məsələlər də müzakirə olunub.