MƏDƏNİYYƏT
RAFAEL NİKTALOV: “İNSANLAR ÖZ PREZİDENTLƏRİ İLƏ VƏ ÖLKƏDƏ BAŞ VERƏN DƏYİŞİKLİKLƏRLƏ QÜRUR DUYURLAR”
AZƏRTAC xəbər verir ki, oktyabrın 16-da Amerika Birləşmiş Ştatlarında və Kanadada Buxara Yəhudiləri Konqresinin əlaqələndiricisi, “Bukharian times” qəzetinin baş redaktoru Rafael Niktalov Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri qarşısında “Buxara yəhudilərinin Üzeyir bəyin musiqi şedevri “Arşın mal alan” operettasının səhnələşdirməsi tarixi” mövzusunda mühazirə oxumuşdur.
Gözəl Bakı və bakılılarla bu görüşü çoxdan gözlədiyini diqqətə çatdıran R.Niktalov bildirmişdir ki, bütün insanlar kimi, Buxara yəhudiləri də Azərbaycanın ədəbiyyatından və musiqisindən böyük məmnunluqla bəhrələnirlər, ondan zövq alırlar. Yəhudilər Üzeyir Hacıbəylinin yaradıcılığının, o cümlədən “Arşın mal alan” operettasının dünyada ən fəal təbliğatçılarındandır. Operettanın böyük məna tutumuna gəlincə, məruzəçi bunu bir neçə sözlə ifadə etməyin mümkünsüzlüyünü demişdir.
Bildirmişdir ki, Buxara yəhudiləri “Arşın mal alan”ı Yəhudi Teatrında 1932-ci ildə səhnələşdirmişlər. Yəhudilər bu operettanı həm İsraildə, həm də ABŞ-da səhnəyə qoymuşlar. Siz gərək biləsiniz ki, istər İsraildə, istərsə də ABŞ-da Azərbaycana biganə qalmayan çoxsaylı insanlar vardır ki, onlar bu ölkəni böyük məhəbbətlə sevir və onu təmsil edənlərə hörmətlə yanaşırlar. Mən jurnalist kimi, Azərbaycanda oktyabrın 15-də keçirilən prezident seçkilərini kənardan müşahidə etdim və özlüyümdə belə qərara gəldim: “İnsanlar öz prezidentləri ilə və ölkədəki dəyişikliklərlə qürur duyurlar. Bu, Azərbaycanın xoşbəxt gələcəyindən xəbər verir”.
R.Niktalov ABŞ-da nəşr olunmuş və musiqidən bəhs edən kitabını Bakı Musiqi Akademiyasına hədiyyə etmişdir.