SİYASƏT
Ramil İskəndərli: Böyük Qayıdışa dair I Dövlət Proqramı beynəlxalq donor icmasının bu prosesdə aktiv iştirakına hüquqi zəmin yaradır
Bakı, 18 noyabr, AZƏRTAC
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. “Dövlət Proqramı və onun tərkib hissəsi olan Tədbirlər Planı mahiyyət etibarilə Azərbaycan Respublikası Prezidentinin ərazilərimizin dirçəldilməsi ilə bağlı iradəsinin ifadəsi, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirməklə bağlı sözlərinin əməli təzahürü, bunu reallaşdırmağın praktiki planıdır.
Bunu “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli Böyük Qayıdışa dair I Dövlət Proqramı və onun Tədbirlər Planı barədə fikirlərini bölüşərkən deyib.
QHT sədri həmçinin Böyük Qayıdışa dair I Dövlət Proqramının tam olaraq beynəlxalq standartlara uyğun şəkildə hazırlandığını da qeyd etmişdir. Belə ki, Dövlət Proqramı 1998-ci ilin 17 aprel tarixində BMT-nin İnsan Hüquqları Komissiyası tərəfindən qəbul edilən “Ölkə daxilində Köçürülmüş Şəxslərlə bağlı Rəhbər Prinsiplərində nəzərdə tutulan müddəaları nəzərə almışdır. Misal üçün BMT-nin Rəhbər Prinsiplərinə əsasən, səlahiyyətli orqanlar ölkə daxilində köçürülmüş şəxslərin könüllü, təhlükəsiz şəraitdə və ləyaqətlə öz evlərinə və ya daimi yaşayış yerlərinə geri qayıtmasına və könüllü olaraq məskunlaşmasına imkan verən şəraiti yaradır. Hakimiyyət orqanları ölkə daxilində köçürülmüş, geri qayıtmış və ya başqa yerdə məskunlaşmış şəxslərin reinteqrasiyasını asanlaşdırmaq üçün səy göstərir.
Əgər Dövlət proqramında öz əksini tapmiş müddəalara diqqət yetirsək görərik ki, yaşayış yerlərinə geri qayıtmasına və könüllü olaraq məskunlaşmasına və şəxslərin reinteqrasiyası ilə bağlı bir çox məsələlər öz əksini tapmışdır. Belə ki, Dövlət Proqramının prioritet istiqamətlərini təhlükəsizlik; müasir yaşayış məntəqələrinin salınması; əhalinin dayanıqlı məskunlaşması; əhatəli və qabaqcıl standartlara verən infrastrukturun qurulması; ərazilərin iqtisadi inkişafının dəstəklənməsi; və ekoloji təmiz mühitin təmin edilməsi məsələləri təşkil edir.
Eyni zamanda Dövlət Proqramında nəzərdə tutulan 2026-cı ilədək həyata keçiriləcək tədbirlər yuxarıda sadalanan BMT Rəhbər Prinsiplərində nəzərdə tutulan məqsədlərlə tam uyğunluq təşkil edir və aşağıdakı hədəf göstəricilərini ehtiva edir:
- Ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi və təhlükəsizliyin təmin olunması
- Yeni investisiyaların cəlb olunması ilə sahibkarlıq mühitinin formalaşdırılması
- Ərazilərdə şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin tikintisi və hamı üçün əlçatan, etibarlı, keyfiyyətli və dayanıqlı infrastrukturla təminatın həyata keçirilməsi
- Sahibkarlığın, o cümlədən kiçik və orta sahibkarlığın inkişafının təmin edilməsi
- Yeni torpaq sahələrinin kənd təsərrüfatı dövriyyəsinə cəlb olunması Nəqliyyat-yol, rabitə, su, qaz, elektrik, istilik və s. infrastrukturun yenidən qurulması.
- Dayanıqlı inkişafın təmin olunması və yaşayış üçün rahat şərait yaradılması
- Əhalinin həyat səviyyəsinin yüksəldilməsi, o cümlədən həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi
- Təhsil, səhiyyə və sosial xidmətlərin qabaqcıl standartlara uyğun təmin olunması
- Ölkədə mənzil fondunun həcminin artırılması
- Əhalinin məşğulluq imkanlarının artırılması
- Sosial xidmətlərin əhatə dairəsinin genişləndirilməsi
Ramil İskəndərlinin fikrincə, əsas vacib məqamlardan biri də odur ki, Dövlət Proqramının ayrı-ayrı bəndlərinin icrası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən monitorinq olacaq. Zəruri əlaqələndirmə tədbirləri Əlaqələndirmə Qərargahı tərəfindən təmin ediləcək. 4 illik müddətdə icraçı qurumların hesabatlılığı isə 3 mərhələ üzrə - ilkin, aralıq və yekun nəticələr üzrə qiymətləndiriləcəkdir.
Sonda QHT sədri onu da bildirmişdir ki, “Dövlət Proqramının özəlliyi eyni zamanda onun beynəlxalq donor icmasına açıqlığı ilə bağlıdır. Belə ki, Dövlət proqramında nəzərdə tutulan bəndlər üzrə müxtəlif fəaliyyətlərin maliyyələşdirilməsi ilə bağlı Azərbaycan beynəlxalq təşkilatların, donorların və fondların təkliflərinə açıqdır. Hesab edirəm ki, beynəlxalq donor icması Dövlət Proqramında nəzərdə tutulan potensial maliyyələşmə mənbələri sırasında beynəlxalq təşkilatların, donorların və fondların vəsaitinin göstərilməsini, Azərbaycanda Böyük Qayıdış prosesinin uğurla həyata keçirilməsinə töhfə vermək baxımından imkan kimi qiymətləndirməli və bu prosesdə yaxından aktiv iştirak etməlidirlər”.