REGİONLAR
Ramiz Hüseynov: Qarabağ qısa müddətdə nümunəvi bölgəyə çevriləcək
Sumqayıt, 22 iyul, Ətrabə Rzayeva, AZƏRTAC
Ölkəmizin uğurla inkişaf etdiyi, bütün istiqamətlərdə qarşıya qoyulan vəzifələrin uğurla icra olunduğu bir vaxtda respublikada görülən işlərin yarım illik yekunlarının müzakirəsi və perspektivlərlə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə səslənən çağırışlar, ölkə başçısı tərəfindən qarşıya qoyulan vəzifələr ümumilikdə ölkəmizin dayanıqlı inkişafının təmin edilməsinə, beynəlxalq münasibətlər sistemində yerinin və rolunun möhkəmlənməsinə xidmət edir.
Bu fikri AZƏRTAC-ın müxbiri ilə söhbətdə YAP İdarə Heyətinin üzvü, YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov deyib.
Ölkə Prezidentinin apardığı xarici siyasət kursu sayəsində respublikamızın beynəlxalq nüfuzu daha da artıb. “Bunun əyani sübutu olaraq Qoşulmama Hərəkatında respublikamızın sədrliyinin bir il daha uzadılmasını göstərə bilərik”, - deyən R.Hüseynov bunu həm də ölkəmizin beynəlxalq nüfuzunu artıran məqamlardan ehtiyac içində olan dövlətlərə göstərilən humanitar və maliyyə dəstəyini, xüsusən də COVID-lə bağlı 80-dən çox ölkəyə göstərilən dəstəyi diqqətə çatdırıb.
O, bundan başqa respublikamızın İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, Avropa İttifaqı kimi beynəlxalq təşkilat və qurumlarla da fəal əməkdaşlıq apardığın, həmçinin qonşu dövlətlər və ABŞ ilə əlaqələrin inkişafı istiqamətində atılan önəmli addımları da qeyd edib. Bu əlaqələr fonunda Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması istiqamətində atılan addımların hələlik real nəticə verməməsi, Ermənistan tərəfinin qeyri-konstruktiv mövqe nümayiş etdirməsi də təəssüf hissi ilə qeyd olunmalıdır. Təbii ki, həyata keçirilən siyasət respublikada biznes mühitinin yaxşılaşmasına, iqtisadi imkanlarının genişlənməsinə və artmasına gətirib çıxarır.
“İqtisadi artımdan danışarkən energetika ilə bərabər nəqliyyat-logistika sektorunun da durmadan inkişafda olduğunu, hətta son beş ayda tranzit yüklərin həcminin 30 faiz artdığını, xüsusilə Şimal-Qərb nəqliyyat dəhlizi üzrə 300 faizlik artımı nəzərə alıb ölkəmizin çox önəmli tranzit ölkəsinə çevrildiyini deyə bilərik. Əlbəttə, nəqliyyat sektorunun inkişafı respublikamızın coğrafi yerləşimi və yaradılmış infrastruktur qədər Zəngəzur dəhlizinin imkanlarından da asılıdır. Nəqliyyat sektorunda, xüsusilə Xəzər dənizi üzərindən yükdaşımaların həyata keçirilməsi üçün gəmiqayırma zavodunda gəmi, tanker və bərələrin istehsalı ilə bağlı ölkə Prezidentinin hökumətə verdiyi tapşırıqlardan da aydın görünür ki, Xəzər dənizi üzərindən yükdaşımaların həcminin artırılması artıq reallıqdır. Lakin Beynəlxalq Dəniz Ticarət Limanında mövcud şərait ərazimizdən keçən yükləri tam həcmdə daşımağa imkan vermir. Ona görə də Xəzər dənizi üzərindən yüklərin ötürülməsi üçün limanın genişləndirilməsi qarşıda duran prioritet işlərdəndir. Bu işlər sayəsində ölkəmizin iqtisadi və tranzit potensialı artırılacaq, yeni iş yerləri yaradılacaq və ölkəmiz çox ciddi bir nəqliyyat-logistika mərkəzinə çevriləcək.
Nəqliyyat sahəsində olduğu kimi, işğaldan azad olunmuş torpaqlarımızda aparılan quruculuq işlərinin də planlı şəkildə aparılması, yaşayış binalarının inşası ilə bağlı infrastruktur işlərinin görülməsi, Ağalı kəndinin istifadəyə verilməsi, beş şəhərin Baş planının təsdiqlənməsi, yeni inşa olunacaq kəndlərin yerlərinin müəyyən olunması dövlətin və hökumətin Qarabağı mümkün olan ən qısa vaxt ərzində nəinki respublikamız üçün, eləcə də dünya üçün nümunəvi bölgəyə çevirəcəyinə şübhə yeri qoymur”, - deyə Ramiz Hüseynov vurğulayıb.