Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Rasim Ocaqovun 80 illik yubileyi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2013-cü ildə Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, kinorejissor, SSRİ və respublika Dövlət mükafatları laureatı, Xalq Artisti Rasim Mirqasım oğlu Ocaqovun anadan olmasının 80 illiyi tamam olur.

Dünya kinematoqrafiyasının nailiyyətlərindən daim yaradıcı şəkildə faydalanan Rasim Ocaqov ekran həyatı verdiyi əsərləri ilə milli kino salnaməsinə yeni səhifələr yazmış, Azərbaycan mədəniyyəti xəzinəsini zənginləşdirmişdir. Onun ölkəmizdə kinooperator sənətinin geniş imkanlarının üzə çıxarılması və təkmilləşdirilməsində mühüm xidmətləri vardır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, milli kinonun inkişafı və təbliği işinə dəyərli töhfələr vermiş Rasim Ocaqovun 80 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təkliflərini nəzərə almaqla, Xalq Artisti Rasim Ocaqovun 80 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 avqust 2013-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin