İQTİSADİYYAT
Rayonda nümunəvi abad məhəllələrin yaradılması işləri davam etdirilir
Bakı, 20 iyun (AZƏRTAC). Paytaxtın Qaradağ rayonunun abadlaşdırılması, nümunəvi abad məhəllələrin yaradılması və sakinlərin sosial problemlərinin həlli istiqamətində zəruri tədbirlərin görülməsi işləri davam etdirilir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, sakinlərin müraciətləri nəzərə alınaraq Lökbatan qəsəbəsi, İntiqam Nəbiyev küçəsi, 2a, 3a, 29, 39 çoxmərtəbəli binaların əhatə etdiyi ərazidə nümunəvi abad məhəllə istifadəyə verilmiş, ümumilikdə, 2,5 hektaradək ərazi tullantılardan təmizlənərək planlaşdırma işləri aparılmışdır.
Bu ərazidə 21 ədəd oturacaq quraşdırılmış, 3 meydança tikilmiş, uşaqların əylənməsi üçün hər cür şərait yaradılmışdır.
Bundan əlavə, yaşayış məhəlləsinə 980 paqonmetr səki daşları düzülmüş, 2164 kvadratmetr sahəyə asfalt örtüyü vurulmuş, 100 ədəd küknar və şam ağacları əkilmişdir.
Ümumi sahəsi 226 kvadratmetr olan müasir tipli 120 nəfərlik birmərtəbəli “Xeyir-şər” evi bütün lazımı ləvazimatla təchiz edilərək sakinlərin istifadəsinə verilmişdir.