SİYASƏT
Rəcəb Tayyib Ərdoğanın yenidən Prezident seçilməsi Türkiyə siyasətinin ən vacib səhifəsi kimi tarixə yazıldı- Rəy

Bakı, 30 may, AZƏRTAC
Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunda Rəcəb Tayyib Ərdoğan tam üstünlüklə qalib gələrək ölkənin 13-cü Prezidenti seçildi. Bu, Türkiyə ilə yanaşı, həm də Azərbaycanın siyasi qələbəsidir.
Məlumdur ki, bir sıra siyasi dairələr və qruplar məhz bu qələbənin qazanılmasına mane olmaq üçün genişmiqyaslı planlar həyata keçirirdilər. Reallığı əks etdirməyən sorğuların təşkili, Azərbaycandan yan keçən layihələr və xarici qrupların maraqlarına xidmət edən şəxslərin bəyanatları məhz bu planların tərkib hissəsi idi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Amid Əliyev söyləyib.
Politoloq deyib: "Son illər Rəcəb Tayyib Ərdoğanın Türkiyə, bölgə və türk xalqı üçün həyata keçirdiyi siyasi, sosial və iqtisadi xarakterli inkişaf strategiyası bugünkü seçkilərdə də öz nəticəsini göstərdi. Türk xalqı bu seçkilərdə öz gələcəyinə, təhlükəsizliyinə və milli maraqlarının keşiyində dayanan siyasi Liderə səs verdi.
Eyni zamanda, seçkidə Türkiyəni radikal siyasi qrupların ovucuna atmaq istəyən təbəqələrin, terrorizmə dəstək vermək niyyəti güdən ikiüzlü siyasi qüvvələrin məkrli planları da alt-üst oldu. Bu seçim müasir Türkiyə siyasətinin ən vacib səhifəsi kimi tarixə yazıldı".
O qeyd edib ki, Rəcəb Tayyib Ərdoğanın qələbəsi Azərbaycan üçün də əhəmiyyətlidir. Çünki son on ildə Azərbaycan-Türkiyə münasibətləri ən yüksək pilləyə - müttəfiqlik səviyyəsinə qədər yüksəlib. Hər iki ölkə strateji tərəfdaş və qardaş olmaqla yanaşı, siyasi, iqtisadi, sosial və hərbi yenidənqurma siyasəti yürüdür. Bu səbəbdən də Azərbaycan keçirilən seçkiləri diqqətlə izləməklə bərabər, mövcud siyasi hakimiyyəti tam şəkildə dəstəklədi.
Seçkilərin məhz belə nəticələrlə bitməsi yaxın zamanlarda müştərək olaraq Azərbaycan və Türkiyə üçün yeni siyasi, iqtisadi və hərbi əməkdaşlıq müstəvisinin genişlənməsini şərtləndirir. Əminliklə qeyd edilib ki, yaxın gələcəkdə bu əməkdaşlığın həm bölgə üzrə, həm də regiondan kənarda uğurlarına şahidlik edəcəyik.