İQTİSADİYYAT
Regional tədbirdə “Müstəqil Azərbaycanın vergi sistemi” mövzusu ətrafında müzakirələr aparılmışdır
Beyləqan, 29 sentyabr (AZƏRTAC). Beyləqan rayonundakı 8 saylı Ərazi Vergilər İdarəsində dövlət müstəqilliyimizin bərpasının 20 illiyi münasibətilə “Müstəqil Azərbaycanın vergi sistemi” mövzusunda regional tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə Beyləqan, Ağcabədi, Füzuli, Xocavənd, İmişli rayonları icra hakimiyyətləri başçılarının müavinləri, yerli maliyyə orqanlarının rəhbərləri, bələdiyyə sədrləri və sahibkarlar iştirak etmişlər.
Görüşdə Vergilər Nazirliyinin məsul işçisi Elçin Məmmədov, 8 saylı ərazi Vergilər İdarəsinin rəisi Elçin Kazımov və başqaları çıxış edərək, müstəqillik illərində vergi orqanlarının keçdiyi inkişaf yolundan, vergi sisteminin formalaşdırılması və mərhələləri, bu sahədə hüquqi bazanın yaradılması, maddi-texniki bazanın möhkəmləndirilməsi, vergi orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə aparılan islahatlardan danışmışlar.
Çıxışlarda bildirilmişdir ki, ulu öndər Heydər Əliyev vergi xidmətinin gücləndirilməsinə, müasirləşdirilməsinə, səmərəli fəaliyyətinin təmin olunmasına həmişə xüsusi diqqət və qayğı göstərmişdir.
Görüşdə iş adamları müstəqillik illərində qazanılan uğurlardan, onlara göstərilən dövlət qayğısından danışmışlar.