İQTİSADİYYAT
Regionlarda telefon şəbəkəsinin modernləşdirilməsinə və yeni texnologiyaların tətbiqinə 688 min manat investisiya yatırılmışdır
Bakı, 19 aprel (AZƏRTAC). Həyata keçirilmiş investisiya layihələri çərçivəsində 2011-ci ilin birinci rübündə respublikanın ümumi telefon şəbəkəsi üzrə ATS-lərin tutumu 1937 nömrə artırılaraq, 1 milyon 665 min 128 nömrəyə çatdırılmışdır.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, regionlarda telefon şəbəkəsinin modernləşdirilməsinə və yeni texnologiyaların tətbiqinə 688 min manat investisiya yönəldilmişdir. Bunun nəticəsində Kürdəmirin Yenikənd, Dörd Yol, Ağdamın Rzalar, Bərdənin Qaradırnaq kəndlərində ümumi tutumu 1040 nömrə olan ATS-lər, Qubanın Küpçal və Qəçrəş ATS-ləri arasında fiber-optik birləşdirici xətt, Quba, Goranboy, Sabirabad, Xaçmaz, Ağdaş, Oğuz, Ağdaş, Göyçay, Tovuz rayonlarının 31 kəndində və Sumqayıt şəhərində ümumilikdə 1195 abunəçi xətti tikilmişdir.