MƏDƏNİYYƏT
Rəşid Behbudov adına Mahnı Teatrında Müəllif Mahnısı Festivalının birinci konserti olmuşdur
Bakı, 10 iyul (AZƏRTAC). Rəşid Behbudov adına Mahnı Teatrında VIII Beynəlxalq Müəllif Mahnısı Festivalı çərçivəsində birinci müəllif mahnısı konserti olmuşdur.
AZƏRTAC xəbər verir ki, konsert “Bakı - ən yeni tarix” adlanır.
Rəşid Behbudov adına Mahnı Teatrında belə konsertlər iyulun 10-dan 19-dək keçiriləcəkdir.
Builki festivalın iştirakçıları arasında Vadim Yeqorov (Moskva), Aleksandr və Dmitri Baryudinlər (Bakı-Moskva), Yelena Qurfinkel (Moskva), Eldar Əsədov (Bakı-Moskva), Robert Avadayev (Bakı-Tbilisi), Andrey Sobolev (Stavropol), Lyudmila Oraqvelidze (Tbilisi), İrina Paroşina (Tbilisi) və digər məşhur bardlar vardır.
Proqramda Cavid İmamverdiyev, İbrahim İmaməliyev, Samir Rəcəbov, Elxan Çələbiyev, Vitali İqolnikov, Sergey Aranoviç, Dilarə Yusufova, Oksana Bulanova, Günay Məmmədli və s. kimi Azərbaycan bardları da iştirak edirlər.
Festivalda ilk dəfədir ki, müsabiqə keçirilir. Qaliblər arasında yer bölgüsü (I, II və ya III) nəzərdə tutulmur, lakin iyulun 19-da - festivalın bağlanış günü keçiriləcək qala-konsertdə onlara mükafatlar və diplomlar təqdim ediləcəkdir.
Festivalın rəsmi açılışı iyulun 14-də Novxanıda olacaqdır.