REGİONLAR
Respublika elmi konfransında müasir kimyanın aktual problemləri müzakirə olunub
Naxçıvan, 26 may, AZƏRTAC
Naxçıvan Dövlət Universitetində “Kimyanın aktual problemləri” II Respublika elmi konfransında mövzu ilə bağlı maraqlı müzakirələr aparılıb.
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə çıxış edən universitetin rektoru Elbrus İsayev ali təhsil ocağının qarşısına gələcəkdə araşdırma universiteti statusu qazanmağı məqsəd qoyduğunu və bu baxımdan kimya sahəsində də yüksəkixtisaslı kadrların hazırlanmasının diqqət mərkəzində saxlanıldığını qeyd edib. Rektor vurğulayıb ki, universitetdə dövlət dəstəyi sayəsində yaradılan müasir tələblərə cavab verən kimya laboratoriyalarının imkanlarından lazımi şəkildə istifadə olunması bu sahənin inkişafını daha da sürətləndirir.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyinin yaradılması muxtar respublikada bu elm sahəsinə göstərilən dövlət qayğısının əyani təzahürüdür. Elbrus İsayev ali təhsil ocağında qurulacaq Texnologiyalar Parkında kimya elmi ilə bağlı laboratoriyaların fəaliyyət göstərəcəyini qeyd edib, konfransın işinə uğurlar arzulayıb.
Tədbirə onlayn qoşulan Naxçıvan Dövlət Universitetinin məzunu, Berlin Texnik Universitetinin dosenti, kimya üzrə fəlsəfə doktoru Şəhanə Hüseynovanın “İqlim təsiri: İqlim dəyişiklikləri həyatımıza necə təsir edir” mövzusu ilə bağlı çıxışı dinlənilib. Kimyanın qlobal problemlərindən olan iqlim dəyişikliyi barədə danışan Şəhanə Hüseynova bildirib ki, Yer planetinin temperaturunun qalxması nəticəsində iqlim dəyişikliyi baş verir. Bu da qlobal istiləşməyə gətirib çıxarır. İqlim dəyişikliyi 1896-cı ildə isveçli alim Svante Arrhenius tərəfindən irəli sürülüb. Bu dəyişikliyin səbəbi Yerdəki dinamik proseslər, günəş radiasiyasının intensivliyinin dəyişməsi kimi xarici təsirlər və son zamanlar insan fəaliyyətidir. Bu proseslər hər kəsin çox ciddi qəbul etməli olduğu bir məsələdir. Elmi proqnoza görə, iqlim dəyişikliyinin əlavə stresi Yer kürəsinin ömrünü kəskin şəkildə azaldıb və bu, bəşər övladının yox olmasına gətirib çıxara bilər.
“Kimya fənlərinin zehin xəritəsi” adlı çıxışında NDU-nun Kimya kafedrasının professoru Yasin Babayev deyib ki, insan beyni, onun quruluşu, bilgi tutumu, hafizənin qorunması, inkişaf etdirilməsi və möhkəmləndirilməsi yolları, zehin xəritələrindən istifadə üzrə tədqiqatlar son 20-30 ildə geniş vüsət alıb, böyük uğurlar əldə edilib. Zehin xəritələri beynimizin qəbul etdiyi bilgiləri təsirli şəkildə saxlayıb, istədikdə, o bilgilərin geri çağırılmasını təmin edir və bununla da beynin imkanlarından ən dolğun şəkildə istifadəyə imkan verir.
Qeyd edək ki, konfrans I bölmədə “Qeyri-üzvi kimya, Analitik kimya, Fiziki-kolloid kimya” mövzusunda 17 çıxışla, II bölmədə isə “Kimyanın tədrisi metodikası, Üzvi kimya, Bioloji kimya, Yüksək molekullu birləşmələr kimyası” mövzusunda 18 çıxışla öz işini davam etdirib.