RƏSMİ XRONİKA
RESPUBLİKA KLİNİKİ UROLOJİ XƏSTƏXANASINDA MÜASİR BÖYRƏKKÖÇÜRMƏ MƏRKƏZİNİN YARADILMASI İLƏ BAĞLI BƏZİ TƏDBİRLƏR HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikasında böyrək çatışmazlığı xəstəlikləri ilə bağlı ölkə əhalisinin hemodializ və müasir üsullarla böyrəkköçürmə əməliyyatlarına ehtiyaclarını nəzərə alaraq, Respublika Kliniki Uroloji Xəstəxanasında müasir böyrəkköçürmə mərkəzinin yaradılması və onun müvafiq diaqnostika avadanlıqları ilə təchiz edilməsi məqsədilə qərara alıram:
1. Respublika Kliniki Uroloji Xəstəxanasının əsaslı təmir işlərinə başlanılması və müasir avadanlıqla təchiz edilməsi üçün sifariş verilməsi məqsədilə Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə 6,0 (altı) milyon manat məbləğində vəsait ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci bəndi ilə ayrılmış vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada təmin etsin, əsaslı təmir işlərinin başa çatdırılması və avadanlıqla təchiz edilməsi üçün növbəti illərdə dövlət büdcəsində müvafiq məbləğdə vəsait nəzərdə tutsun.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 sentyabr 2007-ci il.