MƏDƏNİYYƏT
Rihannanın Bakı konserti ilə əlaqədar “Crystal Hall”un fanzonasına billet müsabiqəsi elan olunmuşdur
Bakı, 11 iyul (AZƏRTAC). Rihannanın Bakı konsertinin təşkilatçıları müğənninin azərbaycanlı pərəstişkarları arasında müsabiqə elan etmişlər.
Dünya şöhrətli müğənninin Bakı konsertini təşkil edən “Universal Music Group” şirkətinin Azərbaycan nümayəndəliyi olan “Omnikomo Music Group” şirkətindən AZƏRTAC-a bildirmişlər ki, müsabiqənin qalibləri oktyabrın 6-da “Crystal Hall”da keçiriləcək konsertin fanzonasına bilet əldə edəcəklər.
Rihannanın pərəstişkarı olan hər bir şəxs qeyd edilən müsabiqəyə qatılmaqla sənətçinin “Crystal Hall”da keçiriləcək möhtəşəm şousuna bilet qazana bilər. Bunun üçün fanatlar Rihanna üçün öz videomüraciətini çəkməli və ona sevgilərini etiraf etməlidirlər. Pərəstişkarlar “Rihanna, I love you” adlı video-müraciəti [email protected] elektron ünvanına göndərə bilərlər.
Müsabiqədə iştirak etmək üçün şərtlər belədir: videomüraciət özünüz haqqınızda və sizin ulduzunuz olan Rihanna ilə bağlı olmalıdır. Siz bu videomüraciətdə nəyə görə Rihannanı və onun yaradıcılığını bəyəndiyinizi, nə vaxtdan onun pərəstişkarı olduğunuzu əhatə etməlisiniz.
Hər bir pərəstişkar Rihannanın konsertində fanzonaya bilet əldə etmək uğrunda öz kreativliyini və yaradıcılıq fantaziyasını göstərməlidir. Videoçarx məktubunda sizin şəklinizin, eləcə də Rihanna ilə bağlı topladığınız fanat kolleksiyasının da yerləşdirilməsi daha yaxşı olardı. Siz müğənninin posterlərinin fonunda, onun şəkli və ya musiqi albomları çəkilmiş maykada şəkil təqdim edə bilərsiniz. Ən əsası odur ki, şəkil Rihanna, onun yaradıcılığı, musiqisi və klipləri ilə bağlı olsun.
Müsabiqəyə iyulun 10-dan başlanmışdır və sentyabrın 1-dək davam edəcəkdir.
Müsabiqənin qalibləri sentyabrın 15-dək elan olunacaqdır. Müsabiqənin fəal iştirakçıları Rihannanın simvolikası ilə xüsusi prizlər və suvenirlər qazanacaqlar. Bu prizlər və suvenirləri pərəstişkarlar müğənninin “Crystal Hall”da keçiriləcək konsertində əldə edəcəklər.