MƏDƏNİYYƏT
RİMM-də Beynəlxalq Musiqi Muzeyləri və Kolleksiyaları Assosiasiyasının işgüzar görüşü çərçivəsində “Rusiya-Azərbaycan. Musiqili paralellər” sərgisinin açılışı olmuşdur
Bakı, 13 iyun (AZƏRTAC). İyunun 13-də Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM) Beynəlxalq Musiqi Muzeyləri və Kolleksiyaları Assosiasiyası üzvlərinin işgüzar görüşü çərçivəsində “Rusiya-Azərbaycan. Musiqili paralellər” sərgisinin açılışı və konsert olmuşdur.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri Firudin Qurbanov və “Rossotrudniçestvo” nümayəndəliyinin başçısı Valentin Denisov qonaqları salamlayaraq mədəni əməkdaşlığın, o cümlədən muzeylərin əməkdaşlığının əhəmiyyətindən danışmışlar.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar Mədəniyyət Xadimi Alla Bayramova sərgi haqqında söhbət açmışdır. Sərgiyə 7 muzey - Skryabin adına Muzey, Klindəki P.İ.Çaykovski Muzeyi, Sankt-Peterburq Konservatoriyası Muzeyi, Yelena Qnesina Muzeyi, Belarus Dövlət Musiqi Mədəniyyəti və Teatr Sənəti Muzeyi, M.Qlinka adına Dövlət Musiqi Mədəniyyəti Mərkəzi Muzeyi və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi öz eksponatlarını təqdim etmişlər.
Sərgidə Rusiya muzeylərinin Azərbaycan musiqi mədəniyyətinə aid bir çox eksponatları, habelə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin kolleksiyasından Rusiya muzeyləri üçün maraqlı eksponatlar nümayiş etdirilir. Bu eksponatlarla tanışlıq, habelə onların mübadiləsi əməkdaşlıqda böyük əhəmiyyət kəsb edir.
Sonra konsert olmuşdur. Xalq Artisti Ramiz Quliyev Bakı Milli Konservatoriyası tələbələrinin müşayiəti ilə tarda “Podmoskovnıye veçera”, “Kalinka” və digər populyar rus melodiyalarını ifa etmişdir.
Konsert proqramına həmçinin Saxa Respublikasının Əməkdar Artisti, opera müğənnilərinin Umberto Cordano adına (İtaliya) beynəlxalq müsabiqəsinin laureatı Anna Dyaçkovskayanın (soprano), Saxa Respublikasının Əməkdar Artisti, Yakutiya xalqlarının Musiqi və folklor muzeyinin direktoru Aiza Reşetnikovanın (fortepiano), habelə beynəlxalq müsabiqələr və Azərbaycanın gənclər mükafatı laureatı Ümid Abbasovun (skripka), respublika müsabiqələri laureatı Tofiq Şıxıyevin (fortepiano) çıxışı daxil edilmişdi.