SİYASƏT
Rumıniya Deputatlar Palatasının sədri Valeriu Zqoneanın başçılıq etdiyi nümayəndə Fəxri xiyabana ümummilli lider Heydər Əliyevin məzarı və Şəhidlər xiyabanını ziyarət etmişdir
Bakı, 14 mart (AZƏRTAC). Bakıda səfərdə olan Rumıniya Deputatlar Palatasının sədri Valeriu Zqoneanın başçılıq etdiyi nümayəndə heyəti martın 14-də Fəxri xiyabana gələrək müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoymuş, xatirəsini ehtiramla yad etmişdir.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad olunmuş, məzarı üstünə tər çiçəklər düzülmüşdür.
Sonra Rumıniyalı qonaqlar Şəhidlər xiyabanında olmuşlar. Burada qonaqlar, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə şəhid olan qəhrəman Vətən övladlarının xatirəsini anmış, “Əbədi məşəl” abidəsi önünə əklil qoymuşlar.
Daha sonra Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilmişdir.